ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

“Təkrar sərtləşmələr olacaq, başqa əlacımız yoxdur” – Koronavirusun payız dalğası

Baxış Sayı:18

“Təkrar sərtləşmələr olacaq, başqa əlacımız yoxdur” – Koronavirusun payız dalğası


Son günlərdə ölkəmizdə koronavirusa yoluxanların sayında (COVID-19) ciddi artım müşahidə olunur. Həkimlərin isə yekdil fikri belədir ki, koronavirusa yoluxma sayında statistikada artımın səbəbi insanların karantin qaydalarına əməl etməməsinin nəticəsidir.

Mövzu ilə bağlı AYNA-ya danışan həkim, professor Adil Qeybulla da bu fikirləri təsdiq edib: “Koronavirusa yoluxma sayında artımın müşahidə edilmə səbəbi insanların karantin qaydalarını ciddiyə almamasına görədir. Qarabağ savaşından sonra isə ümumiyyətlə, bu məsələ arxa plana keçdi. Rayonlara gediş-gəliş artdı, qapalı yerlərdə, ictimai nəqliyyatda insanlar karantin qaydalarına əməl etməməyə başladı. Təəssüf ki, bu vəziyyət ürəkaçan deyil. Azərbaycan müharibə şəraitindədir. Virusun ön cəbhəyə sirayət etməsi ümumi işimizə xeyli ziyan vura bilər. Buna görə də mən hesab edirəm ki, xüsusilə qapalı məkanlarda karantin davranışları çox sərt olmalıdır. Müəyyən tədbirlər görüləcək, müəyyən sərtləşmələr olacaq, bizim başqa əlacımız yoxdur”.

Ekspert bildirib ki, avqustun sonu-sentyabrın əvvəlində virusa yoluxma sayında azalmanın müşahidə edilməsi də, məhz karantin qaydalarının sərtləşdirilməsi ilə bağlı olub. Qeybulla, eyni zamanda da vurğulayıb ki, karantin qaydalarında yenidən müəyyən sərtləşmə olsa, ilin sonuna tendensiya aşağı düşə bilər.

AYNA bu barədə vətəndaşlarla həmsöhbət olub, karantin qaydaları ilə bağlı yumşalma addımları atıldıqdan sonra qaydalara necə əməl etdikləri ilə maraqlanıb. Beləliklə apardığımız sorğunun nəticələrini təqdim edirik:

Gülnaz Hacıyeva: “Gün ərzində, az qala bir saatda on dəfə evdəki dibçəkləri qoxlayıram ki, görüm, iybilmə qabiliyyətim yerindədirmi. Deyirlər, koronavirusa yoluxanlar birinci iybilmə və dadbilmə qabiliyyətini itirirlər. Elə bir neçə gün əvvəl eşitdim ki, qohumumuz virusa yoluxub. Necə bildiyi haqda soruşdum, dedi, son anda – ciyərlərinə təsir edəndə bilib ki, virusa yoluxub. İlk günlərdə iybilmə, dadbilmə qabiliyyəti yerində imiş, yüngülvari halsızlıq hiss edirmiş. Bunu eşidəndən sonra, açığı, bir qədər qorxmağa başladım. İndi daha tədbirli olmağa çalışıram”.

Gülüm Cabbarova: “Kaş, yatıb oyanaydım, deyəydilər ki, daha koronavirus-filan yoxdur, keçdi, getdi. Maska taxmaqdan bezmişəm, rahat nəfəs ala bilmirəm. Dostum eynək taxır, o, ümumiyyətlə, zülm çəkir. Hava bir az soyuyan kimi maska taxanda eynəyi buxarlanır, ətrafı görə bilmir”.

Cabir Ələkbərov: “Bir müddət başımız cəbhə xəbərlərinə qarışdı, koronavirusu tamamilə yaddan çıxardıq. Elə bilirdim, daha virus mövzusu da zamanla öləcək. Bir də gördük ki, yox, yoluxma sayı yenidən artır. Həkimlər də deyirlər ki, qarşıdan soyuq aylar gəlir, qripə yoluxanların da sayı artacaq, camaat bilməyəcək heç adi qripdir, yoxsa koronavirus. Çox çətin vəziyyətdir, tədbirli davranıb qaydalara əməl etməkdən başqa çıxış yolumuz yoxdur”.

Leyla Allahverdiyeva: “Virusun varlığını daha çox günəşli günlərdə unuduram. Əvvəlki günlərlə müqayisədə maska taxanların sayı azalıb. Bəzən ətrafda bir-iki nəfərdə maska görürəm, ya yox. Ancaq maskalı adam görəndə birdən yadıma düşür ki, bəs, virus bəlası var, o, hələ də aramızda dolaşır. Yoxsa bütün fikrim-zikrim cəbhədədir. Qulağımız səsdədir ki, cəbhədən şad xəbərlər eşidək”.

İsmət Qarayev: “Babamla danışıram, deyir, ay bala, bu virusdan kim qorxursa, elə onlar da yoluxur. Mənə tövsiyə edir ki, qəti beynimə salmayam. Çalışıram, babamın tövsiyəsinə əməl edəm. Əvvəllər bu, daha çətin olurdu. Bütün günü televiziyada, radioda, avtobusda virus haqda eşidirdim. Daha virusdan əvvəlki qədər danışan yoxdur. Adama elə gəlir ki, virus öz gücünü itirib, amma son günlərdə yoluxma sayı ilə bağlı statistikanı eşitdik, təkrar qanımız qaraldı. Bizim fikrimiz-zikrimiz cəbhədə, əsgərlərimizin yanındadır. Görünür, tale bizi bir də belə sınayır, iki cəbhədə birdən vuruşuruq. İnanıram ki, hər ikisində də qalib olacağıq. İndi müsbət yöndə düşünməkdən başqa yolumuz yoxdur”.

Lalə Murtuzova: “Virus xəbəri Çində çıxandan mən təlaş içindəyəm. Yadıma gəlir, həmin günlərdə gecə səhərəcən yata bilmirdim. Karantin xəbəri, insanların marketlərdən ərzaq toplaması, çarəsiz vəziyyətdə ölənlərin videolarına baxdıqca qorxur, vahimələnirdim. “Görəsən, bu virus bizə də gəlib çata bilərmi? Bizdə yayılsa, nə edərik?” kimi suallar hər gün məni düşündürürdü. Elə çox keçmədi ki, bizdə olduğu xəbəri də təsdiqləndi. Həmin gündən özümdən ailəm üçün nigaranam. Qızım balacadır, o, virusa yoluxsa, nə edərəm - bilmirəm. Eşitdiyimə görə, virusun böyüklərdən kiçiklərə yoluxma riski də çox yüksəkdir. Mən işləyirəm, daimi olaraq ictimai nəqliyyatdan istifadə edirəm. Mənim yoluxma və qızıma yoluxdurma riskim yüksəkdir. Təsəvvür edirsinizmi, bir ana üçün bu, necə vahiməli vəziyyətdir? Buna görə də çalışıram ki, maksimum qorunum, qaydalara əməl edim. Yalnız bu halda rahat ola bilərəm ki, mən əlimdən gələni etdim”.

Qayıb Tanrıverdiyev: “Bu dəqiqə məni koronavirus yox, torpaqlarımızın taleyi narahat edir. Amma bir məsələ də var ki, həkimlərin sözlərinə görə, virusa yoluxma sayında artımın olması təkcə bizim üçün yox, hərbidə olanlar üçün də təhlükəlidir. Bizə nə var, biz buradayıq, şəhərdə oturmuşuq. Oğullarımız isə orada – cəbhədə düşmən qovalayır. Buna görə maskamı da taxıram, spirtimi də istifadə edirəm”.

Gülsüm Nazimqızı: “İki həftədən çoxdur, sevinclə kədər qardaş olub. Bir tərəfdən alınan torpaqlara sevinir, digər tərəfdən müharibənin qurbanı olanlara üzülürəm. Düzü, birara heç virus yadıma da düşmürdü. Çox etinasızlaşmışdım. Gözəgörünməz bir düşmənlə mübarizə apardığımız yerdə, silahlı düşmənlə də mübarizə aparmaq məcburiyyətində qaldıq. Müharibəni heç cür dəstəkləmirəm, amma ermənilər də bizə başqa yol qoymur. Bu qədər ağrı, dərd içində virusmu düşünmək olar? Gecələr gözümə yuxu getmir, elə bilirəm, Gəncədəyəm, gecə yarısı erməni raket atacaq, dağıntılar altında qalacağıq. Lakin başa düşürəm, buna görə virusu da inkar etmək olmur və olmaz da. Onsuz da bir az etinasız yanaşdıq, özünü təkrar xatırlatdı – “getməmişəm, hələ də sizinləyəm” dedi. Ona görə qorunmaq vacibdir. Mən də bunu qəbul edirəm, lazımi yerlərdə maska taxmağa, əllərimi spirtləməyə diqqət göstərirəm. Nə edək, başqa çarəmiz də yoxdur”.

Cavad Qarayev: “Tək mənim maska taxmağımla bir şey dəyişmir, gərək hər kəs taxa, daha diqqətli yanaşa. Dəfələrlə avtobusda görürəm ki, qarşımdakı adam qripdir, gözləri qıpqırmızı qızarıb, amma maskası çənəsinin altındadır. Başa düşürəm, qripdir, maskada nəfəs almaq daha çətin olur, o da işi üçün evdən çxır, bir parça çörəkpulu üçün məcburdur, lakin bu, haqq vermir ki, qrip olduğu halda evdən çıxsın, başqalarını da yoluxdursun. Özü də həkimlər həmişə deyirlər ki, qrip oldunuzsa, evdə qalın. Çünki COVID-19 əsas simptomlarını çox gec göstərə bilir. Görünən isə odur ki, insanlar bunu heç də ciddi qəbul etmirlər”.

Toğrul Ələkbərov: “Mən koronavirusa ciddi yanaşmayan insanların özünü ciddi qəbul edə bilmirəm. Bütün dünya bu virusla mübarizə apararkən, biz əzəl gündən inamsızlıq nümayiş etdiririk. Elə bu inamsızlığa görə də yoluxma sayı yenə də artdı. Nə maska taxan var, nə əlini spirtləyən. Çox yerdə spirt qabları da artıq boş qalıb”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR