168

Azərbacan ədliyyəsi 99-cu ildönümünü qeyd edir

sosial

Azərbacan ədliyyəsi 99-cu ildönümünü qeyd edir Günay Məsimova,
Abşeron rayon 2 saylı Notariat Kontorunun
xüsusi notariusu


Əsrə bərabər zəngin və şərəfli tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 99 il ötür. Ulu öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə Nazirliyi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində günbəgün müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır.
Müasir dövrdə hər bir dövlətin demokratikliyi onun insan hüquq və azadlıqlarına münasibəti əsasında müəyyənləşir. Azərbaycan Prezidenti İlham Əliyev bu reallığı nəzərə alaraq cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən ədliyyə orqanlarının fəaliyyətinin müasirləşdirilməsi və təkmilləşdirilməsi məsələlərinə xüsusi diqqətlə yanaşmışdır.
Bu gün qanununun aliliyi, insanların qanun qarşısında bərabərliyi məsələsi ədliyyə sisteminin əsas fəaliyyət prinsipini təşkil edir.
Noyabr ayının 22-də yaranmasının 99-cu ildönümünü qeyd etdiyimiz Azərbaycan ədliyyəsi müstəqilliyimizlə bərabər inkişaf yolu keçmiş, tarixin sərt sınaqlarından üzüağ çıxaraq dövrümüzün mühüm hüquqi təsisatlarından birinə çevrilmişdir. Xatırlatmaq lazımdır ki, Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu gündə -1918-ci ilin 28 mayında Ədliyyə Nazirliyi də təsis edilmiş və ona rəhbərlik edilməsi dövrünün nüfuzlu ictimai-siyasi xadimi Xəlil bəy Xasməmmədova tapşırılmışdır. Nazirlər Şurasının qərarı ilə 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının, 22-də isə Ədliyyə Nazirliyinin əsasnamələri təsdiq olunmuşdur.
Azərbaycan müstəqilli aldə etdikdən sonra Ədliyyə Nazirliyinin funksiyalarının yeni ictimai-iqtisadi formasiyanın tələblərinə uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, bu dövlət qurumunun strukturu təkmilləşdirilmiş, iş üsul və vasitələri müasirləşdirilmişdir.
Bu illərdə vətəndaşların ədliyyə orqanlarına müraciət etmək imkanlarının asanlaşdırılması, hüquqi şəxslərin və vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, habelə notariat sahələrində göstərilən hüquqi xidmətlərin müasir tələblər səviyyəsində qurulması, penitensiar müəssisələrin fəaliyyətinin yeni dövrün tələblərinə uyğun təşkili, məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Nazirlikdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən mərkəz, istintaq idarəsi, icra xidməti də yaradılmış, onun cəmiyyətdəki rolu əhəmiyyətli dərəcədə artmışdır.
Ədliyyə orqanlarının yaranmasının 99-cü ildönümü təkcə bu orqanda çalışanlar üçün deyil, ölkənin demokratikləşməsi, qanunçuluğun və hüquq qaydalarının təminatı kursunun bütün tərəfdarları üçün əlamətdar gündür.
Azərbaycan Respublikasında həyata keçirilən geniş miqyaslı hüquqi islahatlar çərçivəsində məhkəmə və ədliyyə fəaliyyətinin təkmilləşdirilməsinə xüsusi əhəmiyyət verilir.
Son illər Azərbaycan Ədliyyə sistemində Notariat sahəsində də xeyli irəliləyişlər olmuş, vətəndaşlara yüksək səviyyədə operativ xidmət göstərilir. Notariat qaydalarında həyata keçirilən mühüm islahatlar əhaliyə asan xidmət göstərilməsinin bariz nümunəsidir. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin Ədliyyə sistemində qəbul etdiyi hüquqi islahatlar uğurla həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR:

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Saytda axtarış

Back to Top